Sıfır nöqtəsi hekayəsi
Niyə 404idea-da Bloq Yazmağa Başladım?
Salam hər kəsə!
Bir çoxunuzun bildiyi kimi, artıq 7 ildən çoxdur ki, marketinq sahəsində çalışıram. Amma mənim hekayəmdə maraqlı olan tərəf budur ki, marketinqə korporativ mühitdə işləyərək başlamamışam. İlk addımlarımı öz qurduğum işlərdə atmışam. Yəni öyrəndiyim hər şeyi real həyatda sınayaraq, səhv edərək, bəzən itirərək, bəzən də “bu niyə alınmadı?” deyə özümə sual verərək öyrənmişəm. Daha sonra təxminən 1 il yarım korporativ mühitdə çalışma təcrübəm olub. Amma bir müddət sonra başa düşdüm ki, məni daha çox cəlb edən yenə öz işlərim, yeni ideyalar qurmaq və onları həyata keçirməkdir. Ona görə də yenidən öz biznes həyatıma qayıtdım.
Məncə, bir şeyi kimdənsə öyrənməklə onu özünüz test edərək öyrənmək arasında böyük fərq var. Biri var, qarşınızdakı sizə problemin həllini göstərir. Biri də var, siz özünüz düşünür, səhv edir, yenidən test edir və nəticədə həll yolunu tapırsınız. İkinci yanaşma mənə həmişə riyaziyyatda bir məsələni həll etməyə bənzəyib. Çünki bir problemi özünüz düşünüb həll etdikdə heç bir zaman yaddaşınızdan çıxmır. İnsan öz təcrübəsi ilə öyrəndiyini daha dərindən mənimsəyir. Mən də marketinqdə bildiklərimin böyük bir hissəsini məhz belə öyrənmişəm... test edərək, səhv edərək və hər səhvdən bir dərs çıxararaq. Açığı, çox rəsmi və terminlərlə dolu danışmağı sevmirəm. Mən necə danışıramsa, qarşımdakı insanın da məni rahat başa düşməsini istəyirəm. Məncə, fikri çatdırmağın ən yaxşı yolu onu qarşı tərəfin anlayacağı dildə ifadə etməkdir. Ona görə də sizə hər şeyi mümkün qədər sadə, real və olduğu kimi danışacağam…
Yeni Bir Başlanğıc
“Bəs niyə yazırsan, video çəkmək kifayət etmirmi?” — deyə bilərsiniz.
Çünki insanların artıq video izləməkdən çox yorulduğunu hiss edirəm. Artıq sosial media elə bir vəziyyətə gəlib ki, orada sadəcə video izləyərək kiməsə güvənmək, inanmaq və nəyisə dərindən anlamaq çox çətindir. Həmçinin video formatı ən dəyərli zamanımızı sürətlə əlimizdən alır. Video izlərkən mən sizi fərqli-fərqli vizual təsvirlərlə manipuliyasıya edərək izləməyə təşviq edə bilərəm. Ancaq oxumaq üçün səbr lazımdır, səbr edən isə hər zaman istədiyinə nail olacaq.
Mən gündəlik həyatımda kitab oxumağı çox sevirəm. Ona görə də düşünürəm ki, bu bloqu oxuyacaq insanlar üçün də zaman olduqca dəyərlidir. Məqsədim uzun-uzadı danışmaq yox, illər ərzində qazandığım təcrübəni mümkün qədər konkret və faydalı şəkildə bölüşməkdir. Bunun üçün hər gün təxminən 2 saatımı bu bloqa ayırmağı planlaşdırıram. Çünki düşünürəm ki, bildiklərini paylaşmağın ən yaxşı yollarından biri onları yazılı şəkildə sistemləşdirməkdir.
Marketinqin maraqlı tərəflərindən biri də onun çoxşaxəli olmasıdır. Marketoloq olaraq öz biznesinizi idarə edirsinizsə, bir çox fərqli sahəni eyni anda öyrənməli və tətbiq etməli olursunuz. Hətta hazırda, bu bloqu yazdığım anda belə marketinqdən istifadə edirəm. Başlığın necə yazılmasından tutmuş, cümlələrin ardıcıllığına və oxucunun diqqətini harada saxlayacağıma qədər hər detal üzərində düşünürəm. Bu mənim üçün də yeni bir təcrübədir:)
Keçmiş Səhvlərim
Əslində, bir vaxtlar eBay-də satış etdiyim dövrdə informativ videolar çəkirdim. Hesabımda cəmi 5-10 video vardı və açığı desəm, həmin videoların keyfiyyəti heç də yaxşı deyildi. Amma maraqlısı budur ki, həmin bir neçə video mənə gözləmədiyim qədər böyük bir auditoriya və uğur qazandırdı. Sonra işlərim çətinləşdi. Əslində isə bu gün geriyə baxanda anlayıram ki, işlər o qədər də çətinləşməmişdi. Sadəcə, bəhanə idi və davam etmədim. Kaş ki, dayandırmasaydım!
Daha sonra Shopify dövrüm başladı və işlərim sürətlə böyüdü. İş həyatımda əvvəllər görmədiyim şeyləri gördüm, yaşamadığım təcrübələri yaşadım. Amma ən böyük səhvim də məhz həmin dövrdə oldu bunların demək olar ki, heç birini paylaşmadım. Niyə? ...Axmaqlıqdan! Dostlarımın və əməkdaşlıq etdiyim insanların əksəriyyəti işlərimlə bağlı paylaşım etdiyim də mənə tez-tez “Paylaşma, göz dəyər” dedilər. Bəzən işlərdə hansısa problem və ya uğursuzluq baş verəndə belə bunu əvvəlki paylaşımlarımla bağlı olduğunu deyirdilər. Mən də paylaşmadım və nəticədə həyatımda baş verən böyük dəyişiklikləri, əldə etdiyim nəticələri və keçdiyim yolu demək olar ki, heç kimlə paylaşmadım. İndi geriyə baxanda düşünürəm ki, həmin illərdə yaşadıqlarımı paylaşsaydım, bu gün çox daha böyük və sadiq bir auditoriyam ola bilərdi. Bəlkə də 100 min... Amma keçmişi dəyişmək mümkün deyil. Dəyişdirə biləcəyim yeganə şey bundan sonrakı addımlarımdır…
💡 Buradasınızsa, deməli eyni vizyonu bölüşürük. Gələcək dərin biznes araşdırmaları, Shopify, e-ticarət və marketinq strategiyalarını qaçırmamaq üçün bloguma pulsuz abunə olun!
Bəs Niyə 404idea?
Artıq işlərimin yeni bir mərhələsindəyəm. Yeni layihələr üzərində işləyirəm, əvvəlki layihələrimizdə isə tamamilə fərqli səviyyələrə çatmışıq... Bundan sonra, nə qədər gec başlamış olsam da, qazandığım təcrübələri və öyrəndiklərimi müxtəlif platformalarda sizinlə bölüşmək istəyirəm. Bəzən video ilə, bəzən isə bu bloqda olduğu kimi yazılı şəkildə.
Bəs saytın adı niyə 404idea oldu?
Çünki mənə görə dünyada hələ kəşf edilməmiş, həyata keçirilməmiş və bəlkə də kifayət qədər dərindən düşünülməmiş saysız-hesabsız ideya var. Biz gənclər bir şeyi başa düşməliyik: yaşadığımız həyatda tək bir şey gerçəkdir, amma insanların 99.9%-i onu ciddiyə almır — o da düşüncədir, fikirdir, ideyadır.
Xoş gəldiniz ! Elxan İsayev 🚀